ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul Belarus prezidenti Aleksandr Lukaşenkonun bir qrup məhbusu əfv etməsini mühüm addım adlandırıb.
O, sosial şəbəkədə yazaraq 18 siyasi məhbusun əfv olunmasına görə Lukaşenkoya təşəkkür edib.
“Bu gün 18 siyasi məhbusu əfv etdiyiniz üçün təşəkkür edirəm, prezident Lukaşenko. Prezident Trump mənə bütün siyasi məhbusların azad edilməsinə nail olmağı tapşırıb və bu, ABŞ ilə Belarus arasında münasibətlərdə daha bir mühüm addımdır”, — deyə Con Koul bildirib.
Məlumata görə, Lukaşenko martın 5-də 18 məhbusun əfv edilməsi barədə fərman imzalayıb. Onlardan 15 nəfər ekstremizm yönümlü cinayətlərə görə məhkum olunmuş şəxslərdir, 11 nəfəri isə qadındır.
Prezident administrasiyasının açıqlamasına görə, əfv edilən şəxslərin hamısı müraciət edərək günahlarını etiraf edib, etdiklərindən peşman olduqlarını bildiriblər və qanunlara uyğun həyat sürəcəklərinə söz veriblər.

