ABŞ Prezidenti Donald Tramp Newsmax telekanalına müsahibəsində İranla bağlı diqqətçəkən açıqlamalar verib. O bildirib ki, ABŞ artıq bu qarşıdurmada qalib gəlib, lakin məqsəd “daha böyük fərqlə qələbə qazanmaqdır”.
“Əgər biz indi geri çəkilsək, onların yenidən toparlanması üçün 20 il lazım olacaq, əgər ümumiyyətlə bunu bacarsalar.”
Trampın sözlərinə görə, İran həm hərbi, həm də iqtisadi baxımdan ciddi zəifləyib. O iddia edib ki, ölkənin hərbi gücü demək olar ki, tam sıradan çıxarılıb.
“Onların donanmasını məhv etdik, hava qüvvələrini məhv etdik... rəhbərliklərini dağıtdıq. Hər şeyi məhv etdik.”
Bununla belə, o qeyd edib ki, təkcə hərbi üstünlük kifayət etmir.
Əsas məqsəd isə dəyişməz qalır: İranın nüvə silahına sahib olmasının qarşısını almaq.
“Onların heç vaxt nüvə silahı olmamalıdır. Əgər olsaydı, istifadə edərdilər.”
Tramp əlavə edib ki, Tehran razılaşma bağlamağa maraqlıdır, lakin Vaşinqtondan heç bir güzəşt gözləməməlidir. O, həmçinin ABŞ-ın İrana qarşı dəniz blokadasını razılaşma əldə olunana qədər ləğv etməyəcəyini vurğulayıb.
NATO və Avropa ilə bağlı sərt ittihamlar
Tramp çıxışında NATO və Avropa ölkələrini də kəskin tənqid edib. Onun sözlərinə görə, alyans Yaxın Şərqdə ABŞ-a dəstək verməyib.
“NATO bizə heç kömək etmədi.”
Bu kontekstdə o, ABŞ qüvvələrinin bəzi Avropa ölkələrindən çıxarılması ehtimalını da gündəmə gətirib.
“Bəlkə də bunu edərəm. Niyə də yox? İtaliya bizə kömək etmədi, İspaniya isə çox pis davranır.”
Tramp həmçinin bildirib ki, Avropa ölkələri Ukraynada “tam xaos” yaradıb və ABŞ bu vəziyyəti düzəltmək üçün yardım göstərir.
O, Almaniya kansleri Fridrix Merzi də sərt tənqid edərək onu “uğursuz siyasətçi” adlandırıb və ölkənin miqrasiya, enerji və Ukrayna ilə bağlı problemlərini qabardıb.
“Onların Ukraynada yaratdığı qarışıqlığı biz düzəltməyə çalışırıq.”
Bundan əlavə, Tramp xatırladıb ki, keçmiş prezident Co Bayden Ukraynaya 350 milyard dollar yardım ayırıb və onun fikrincə, bu, münaqişənin uzanmasına səbəb olub.

