Bütün ermənilərin katolikosu II Qaregin və Ali Ruhani Şuranın daha 6 üzvü avqustun 7-də məhkəmə qarşısına çıxacaq. Bildirilir ki, bu, Ermənistan və Erməni Apostol Kilsəsinin tarixində ilk belə haldır.
Cinayət işi üzrə ilkin məhkəmə iclası avqustun 7-də saat 15:00-da Ermənistanın Armavir vilayətinin birinci instansiya ümumi yurisdiksiya məhkəməsində keçiriləcək.
Məlumata görə, Ermənistan Baş Prokurorluğu bu ilin fevralında II Qaregin barəsində cinayət işi açıb və onun ölkədən çıxışına qadağa qoyulub.
İş keçmiş din xadimi Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı əsasında başlanıb.
Mənbədə bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın kilsə ilə bağlı kampaniyasına qoşulan yepiskop Saroyan katolikosun sərəncamı ilə yeparxiya rəhbəri vəzifəsindən azad edilib, daha sonra Ali Ruhani Şuranın qərarı ilə yepiskop rütbəsindən məhrum olunub.
Saroyan vəzifəsinə bərpa olunmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə icraçıları Erməni Apostol Kilsəsinə onun fəaliyyətinə mane olmağı qadağan edib, daha sonra isə məhkəmə aktının icra edilməməsi faktı üzrə cinayət işi başlanıb.

