ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib ki, İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi zərbənin ləğvinə razılıq verib.
Onun sözlərinə görə, tərəflər Tehranla mümkün razılaşmanın şərtlərini razılaşdırmağa başlayıblar. Tramp ABŞ-nin İrana qarşı İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda hərbi əməliyyata tam hazır vəziyyətdə olduğunu iddia edib.
Lakin Amerika lideri bildirib ki, İran və Yaxın Şərqin digər ölkələri Ağ Evdən hücumu dayandırmağı xahiş ediblər. Buna səbəb mümkün razılaşmanın əsas konturlarının müəyyənləşdirilməsi olub.
Tramp qeyd edib ki, sülhün qorunması, eləcə də İranın gələcək rifahı və mövcudluğunun təmin edilməsi naminə zərbəni ləğv etməyə razılaşıb. Bununla belə, o, razılaşmanın qısa müddətdə əldə olunmasını şərt kimi irəli sürüb.
Mümkün sazişin Hörmuz boğazının dərhal və tam şəkildə açılmasını, həmçinin İranın nüvə təhlükəsinin aradan qaldırılmasını nəzərdə tutduğu bildirilir.

