Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri və BMT-nin baş katibi vəzifəsinə namizəd Rafael Qrossi BMT-nin tədricən aktuallığını itirdiyini və “yavaş ölüm” dövrünü yaşadığını bildirib.
Financial Times-a müsahibəsində Qrossi qeyd edib ki, BMT-nin yaxın zamanda dağılması təhlükəsini görmür. Lakin onun sözlərinə görə, təşkilat yeni böhranların və dövlətlərarası münaqişələrin həllində əvvəlki qədər mühüm rol oynamır.
Diplomat BMT-nin sosial məsələlər və iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki fəaliyyətindən də narazılığını ifadə edib.
Hazırda BMT Təhlükəsizlik Şurasında baş katib vəzifəsinə namizədlərlə bağlı qapalı səsvermə keçirilir. Təşkilatın hazırkı rəhbəri Antoniu Quterreş 31 dekabr 2026-cı ildə vəzifəsini tərk etməlidir.
Səsvermənin nəticəsinə əsasən, BMT Təhlükəsizlik Şurası namizədlərdən birini Baş Assambleyaya tövsiyə edəcək. Yekun təyinat qərarını isə BMT Baş Assambleyası verəcək.

