ABŞ Prezidenti Donald Trampın çox az yatdığı və hətta yatmaqdan imtina etdiyi bildirilib. Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Respublikaçılar Partiyasının qurultayında danışıb.
“Biz oyaq qala bilməyən prezident Co Baydeni yatmaqdan imtina edən prezidentlə əvəz etdik”, – Bessent deyib.
ABŞ vitse-prezidenti Cey Di Vens də daha əvvəl Trampın yuxu rejimi ilə bağlı danışmışdı. Onun sözlərinə görə, Tramp bəzən 20 saata qədər yatmadan qala bilir.
“Əgər harasa 20 saatlıq səfərə gediriksə, o, bütün bu müddət ərzində yatmır”, – Vens bildirib. O, Trampın enerjisinin olduqca yüksək olduğunu da vurğulayıb.
Tramp özü isə az yatmasının səbəbini Amerika haqqında düşünməsi ilə əlaqələndirib. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla Ağ Evdə görüşü zamanı bu məsələyə toxunan ABŞ lideri belə deyib:
“O, az yatır, mən də az yatıram. Düşünürəm ki, eyni rejimimiz var – biz ölkələrimiz haqqında düşünürük”.

