2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror təşkilatı ABŞ ərazisində tarixə düşən silsilə terror aktları həyata keçirib.
Koordinasiyalı hücumlar zamanı dörd sərnişin təyyarəsi qaçırılıb. Onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, üçüncüsü Vaşinqton yaxınlığındakı Pentaqon binasına çırpılıb. Dördüncü təyyarə isə sərnişin və ekipaj üzvlərinin müqavimət göstərməsindən sonra açıq əraziyə düşüb.
Ən böyük dağıntı Nyu-Yorkdakı əkiz qüllələrə hücum zamanı baş verib. Güclü yanğın və daşıyıcı konstruksiyaların sıradan çıxması nəticəsində hər iki qüllə uçub.

Rəsmi məlumatlara görə, terror aktları nəticəsində 19 terrorçu nəzərə alınmadan 2977 nəfər həyatını itirib. Ölənlər arasında təyyarələrin sərnişinləri və ekipaj üzvləri, eləcə də Nyu-York və Vaşinqtonda hücumların baş verdiyi ərazilərdə olan insanlar yer alıb.
11 sentyabr hadisələri ABŞ-ın “terrora qarşı müharibə” siyasətinin başlanğıc nöqtəsinə çevrilib. Artıq 2001-ci ilin oktyabrında ABŞ və müttəfiqləri “Əl-Qaidə” rəhbərliyinə sığınacaq verdiyi bildirilən “Taliban” rejimini devirmək məqsədilə Əfqanıstana hərbi müdaxilə edib.

2003-cü ildə isə ABŞ İraqa müdaxiləyə rəhbərlik edib. Vaşinqton bunu terrorla mübarizə və Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarına malik olması ilə əsaslandırsa da, rejim devrildikdən sonra belə silahlar aşkarlanmayıb.

