Rumıniyada prezidentliyə keçmiş namizəd Kelin Corcesku saxlanılıb.
Rumıniyanın Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin məlumatına görə, əməliyyat mütəşəkkil cinayətkar qrup yaratma və dələduzluq işi çərçivəsində keçirilib.
Prokurorluq və polis əməkdaşları paytaxt Buxarestdə, həmçinin Moqoşoaya, Çolpan və Buftea yaşayış məntəqələrində 5 ünvanda axtarış aparıblar.
Corcesku avtomobillə hərəkətdə olarkən saxlanılaraq istintaq tədbirlərinə cəlb edilib. Hadisənin digər təfərrüatları araşdırılır.
Qeyd edək ki, Kelin Corcesku 2024-cü ildə Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda ən çox səs toplayıb. Lakin ölkənin Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini ləğv edib. Daha sonra siyasətçi məhkəmə nəzarəti altına alınıb.

