ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında iştirak edən “USS Abraham Lincoln” aviadaşıyıcısının zərbə qrupu daxilində 8 hərbçinin intihara cəhd etdiyi məlum olub.
Hadisə uzunmüddətli hərbi xidmət şəraitinin şəxsi heyətin psixi sağlamlığına təsiri ilə bağlı müzakirələrə səbəb olub.
Bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Kirsten Gillibrandın sorğusuna verilən yazılı cavabda bildirilib.
Açıqlamada qeyd olunub ki, intihara cəhd edən şəxslər yalnız aviadaşıyıcının heyətindən deyil, həmçinin zərbə qrupuna daxil olan digər hərbi gəmilərin və aviasiya bölmələrinin şəxsi heyətindən olublar.
“USS Abraham Lincoln” aviadaşıyıcısının 2025-ci ilin noyabrında başlayan hərbi missiyası bir neçə dəfə uzadılıb. Təxminən 6–7 min hərbçidən ibarət zərbə qrupu uzun müddət dənizdə qalıb. Aviadaşıyıcı altı aydan çox limana yan almadan hərbi əməliyyatlarda iştirak edib.
286 gün davam edən missiyadan sonra gəmi sentyabrın əvvəlində Tailand limanına yan alıb. Hazırda aviadaşıyıcının ABŞ-a qayıtdığı bildirilir.
Uzunmüddətli xidmət zamanı hərbçilərin ailələri onların psixi sağlamlığı və gəmidəki iş şəraiti ilə bağlı narahatlıqlarını ifadə ediblər.
ABŞ Hərbi Dəniz Qüvvələri daha əvvəl bəzi təchizat problemlərini etiraf etsə də, şəxsi heyət arasında genişmiqyaslı psixi sağlamlıq probleminin olması ilə bağlı iddiaları rədd edib.
Senator Kirsten Gillibrand isə hərbçilərin üzləşdiyi şəraiti “tamamilə qəbuledilməz” adlandıraraq administrasiyanı tənqid edib.

