İranla ABŞ arasında Hörmüz boğazı ilə bağlı diplomatik təmaslar yenidən intensivləşib. Tehran Vaşinqtona boğazın açılmasını da nəzərdə tutan yeddi günlük plan təqdim edib.
Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Abbas Araqçi Nyu-Yorkda jurnalistlərə bildirib ki, plan vasitəçilər, o cümlədən Qətər üzərindən ABŞ tərəfinə çatdırılıb. Onun sözlərinə görə, zəruri şərtlər yerinə yetirilərsə, Hörmüz boğazında normal gəmiçilik yeddi gün ərzində bərpa oluna bilər.
Araqçi bildirib ki, təklif əvvəlki ABŞ-İran anlaşmasının əsas müddəalarına söykənir və Vaşinqtonun qərarından sonra proses başlaya bilər.
Bu arada, The Wall Street Journal yazıb ki, ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifinə müsbət yanaşmayıb və administrasiya hərbi təzyiq variantını gündəmdə saxlayır. Reuters də Trampın İranın son təklifini qəbul etmədiyini bildirib.
Hazırda əsas diqqət Vaşinqtonun Tehranın yeddi günlük planına verəcəyi növbəti reaksiyaya yönəlib.

