Kanadada müsəlman məktəblərinə qarşı təhdidlərdən sonra polis araşdırmaya başlayıb. Kanadanın Müsəlman Assosiasiyasına (MAC) məxsus 9 məktəbə müsəlmanların öldürüləcəyi ilə bağlı təhdid mesajları olan elektron məktub göndərilib.
“Citizen Vigilante” imzası ilə göndərilən anonim məktubda müsəlmanların “qətlə yetiriləcəyi” bildirilərək Kanadanın “İslamdan azad ediləcəyi” ilə bağlı təhdid yer alıb.
MAC-ın sözçüsü Nabil Sultan bildirib ki, eyni məzmunlu məktub 24 saat ərzində Ontario, Britaniya Kolumbiyası və Kvebekdəki məktəblərə göndərilib. Təhdidlərdən sonra şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə məktəblərdə əlavə mühafizə tədbirləri görülüb və özəl təhlükəsizlik əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı müvafiq polis idarələrinin nifrət cinayətləri üzrə bölmələri araşdırmaya başlayıb. Ontarionun Pil regionunda məscid və məktəblərin ətrafında polis patrullarının sayı artırılıb. Ottava polisi də təhlükəsizlik tədbirlərini gücləndirib, lakin hazırda konkret və yaxın təhlükəyə dair məlumat olmadığını bildirib.
Kanadanın ictimai təhlükəsizlik naziri Gary Anandasangaree təhdidləri qəbuledilməz adlandıraraq hər bir uşağın təhlükəsiz mühitdə təhsil almaq, hər bir ailənin isə övladını məktəbə təhlükəsiz şəkildə göndərmək hüququ olduğunu vurğulayıb.
Kanada Statistika İdarəsinin məlumatına görə, ölkədə müsəlmanlara qarşı polis tərəfindən qeydə alınan nifrət cinayətlərinin sayı 2020-ci ildə 84-dən 2024-cü ildə 229-a yüksəlib — artım 170%-dən çoxdur.

