Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Avropa İttifaqından miqrantların geri qaytarılması prosesinin sürətləndirilməli olduğunu bildirib. O, bunu Münhendə Avropa ölkələrinin daxili işlər nazirlərinin görüşü ərəfəsində deyib. DPA-nın məlumatına görə, Dobrindt həmçinin böhran vəziyyətlərində və miqrantların geri qaytarılması prosesində Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin — Frontex-in səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsini təklif edib.
“Bizə miqrasiya böhranlarına reaksiya vermək üçün yeni Avropa mexanizmi lazımdır”, — deyə Dobrindt bildirib.
Nazirin fikrincə, Frontex-in mandatı fövqəladə hallar üçün də genişləndirilməlidir. O, buna nümunə kimi yay aylarında Şimali Afrikadakı İspaniyanın Seuta eksklavına çoxsaylı miqrantın gəlməsini göstərib. Dobrindt belə vəziyyətlər üçün Frontex-in ayrıca çevik müdaxilə qüvvəsinin yaradılmasını təklif edib.
Onun sözlərinə görə, Seutada yaşananlara bənzər hallarda miqrantların sürətlə geri qaytarılması mexanizmi işə salınmalıdır. Eyni zamanda, Aİ-nin xarici sərhədlərində yerləşən ölkələrə əlavə dəstək göstərilməli, Frontex-in çevik qüvvələri böhran vəziyyətində həmin ölkələrə 24 saat ərzində yardım göstərməyə hazır olmalıdır.

