Livan ABŞ-ın vasitəçiliyi ilə İsraillə aparılan danışıqlarda heç bir nəticə əldə etməyib və əbəs güzəştlərə gedib. Bunu şiə hərəkatı “Hizbullah”ın baş katibi Şeyx Naim Qasım bildirib. Onun çıxışı Al Manar telekanalında yayımlanıb.
Baş katib Livan hakimiyyətini nəticəsiz danışıqları dondurmağa çağırıb. Qasım bildirib ki, bu danışıqlar Livana real nəticə verməyib.
Qasım həmçinin hökumətin 2 mart tarixli qərarlarını ləğv edəcəyi təqdirdə hakimiyyətlə dialoqu yenidən başlatmağa hazır olduğunu deyib. Həmin qərarlardan sonra “Hizbullah”ın hərbi və təhlükəsizlik fəaliyyəti qanunsuz elan edilib.
İsrail Müdafiə Ordusu (ÇAHAL) bu ilin mart ayının əvvəlindən etibarən Livanda “Hizbullah”ın silahlı üzvlərinə və obyektlərinə zərbələr endirir. İyunun sonunda Livan və İsrail arasında İsrail ordusunun Livan ərazisindən çıxarılmasını və “Hizbullah”ın tərksilahını nəzərdə tutan razılaşma əldə olunub. Lakin daha sonra tərəflər arasında qarşılıqlı hücumlar yenidən başlayıb.
Belə ki, sentyabrın 10-da İsrail ordusu Livanın cənubundakı Əli ət-Tahir silsiləsi ərazisində “Hizbullah”ın strateji yeraltı infrastrukturunun məhv edildiyini açıqlayıb. Təxminən eyni vaxtda həmin ərazidə zəlzələ baş verib.

