“Zəkaların Mübarizəsi” olimpiadası çərçivəsində Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə keçirilən şahmat turnirində Abşeron, Sumqayıt və Xızı məktəblilərindən ibarət 3 komanda mübarizə aparıb.
Den.az xəbər verir ki, FIDE qaydalarına əsasən təşkil olunan yarışda komandalar arasında gərgin və maraqlı qarşılaşmalar baş tutub.
Nəticədə Sumqayıt şəhərinin şahmat komandası yüksək xal toplayaraq rəqiblərini geridə qoyub və turnirin regional mərhələsinin qalibi elan olunub. Bu uğur onlara Respublika mərhələsində iştirak hüququ qazandırıb.
Qeyd edək ki, şahmat turniri iki mərhələdən – regional və respublika mərhələlərindən ibarətdir. Hər mərhələ üzrə yarışlar FIDE qaydaları əsasında keçirilir. Ən yüksək nəticə göstərən komanda regional mərhələnin qalibi sayılır və növbəti – respublika mərhələsində regionu təmsil edir.
“Zəkaların Mübarizəsi” olimpiadasının əsas məqsədi şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağı artırmaq, onların dünyagörüşünü genişləndirmək, sağlam rəqabət mühiti yaratmaq, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələri qurmaq və ümumilikdə öyrənməyə təşviq etməkdir.