Sumqayıtda müəllimlər “unutulmuş məhəllədə” yaşayır.
DenMedia.az xəbər verir ki, 36 ildir müəllimlər üçün ayrılan ərazi bərbad vəziyyətdədir. Nə qaz var, nə də fasiləsiz su…
Yaşma bağlarında 1988-ci ildən sonra məhz təhsil işçiləri üçün ayrılan bu ərazidə illər boyu minlərlə şagird yetişdirən, müəllim və direktor kimi fəaliyyət göstərmiş şəxslər bu gün elementar yaşayış şəraitindən məhrumdurlar.
Ərazidə yaşayan təqaüdçü müəllimlər bildirir ki, burada mavi yanacaqdan istifadə etmək mümkün deyil. Qaz xəttinin çəkilməməsi səbəbindən qış aylarında evləri isinmir, yaşlı insanlar soyuqda qalır. Su isə fasilələrlə verilir — bəzən günlərlə kəsilir. Ən ağır vəziyyət isə yağışlı mövsümdə yaranır: torpaq yollar keçilməz olur, sakinlər evlərinə getmək üçün ciddi çətinliklərlə üzləşirlər.
Şikayətçilər deyir ki, dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət etsələr də, hələ də heç bir nəticə əldə olunmayıb. Onların sözlərinə görə, bu ərazi vaxtilə “təhsil işçilərinə güzəştli sahə” kimi təqdim edilib, lakin illər keçdikcə nə infrastruktur qurulub, nə də şərait yaxşılaşdırılıb.
“Ömrümüzü məktəbə, uşaqlara həsr etdik. İndi isə yaşlandığımız vaxtda ən adi kommunal xidmətlərdən belə məhrumuq. Qışda soyuqdan donuruq, yayda susuz qalırıq. Bu, müəllimə veriləcək dəyərdirmi?” – deyə ərazidə yaşayan təqaüdçü müəllimlər bildirir.
Sakinlər aidiyyəti qurumları məsələni təcili şəkildə həll etməyə, qaz xəttinin çəkilməsi və su təchizatının sabitləşdirilməsi üçün addımlar atmağa çağırırlar. Onların fikrincə, bu problemin illərdir həll edilməməsi dövlət qurumlarının məsuliyyətsizliyinin bariz nümunəsidir.
Yaşma bağlarında yaşanan vəziyyət bir daha göstərir ki, Sumqayıtda müəyyən ərazilər sanki “yaddan çıxarılıb”. Halbuki burada yaşayan insanlar bir vaxtlar ölkənin təhsil sisteminə illərlə xidmət etmiş, minlərlə şagird yetişdirmiş müəllimlərdir. Bu insanların layiq olduğu normal həyat şəraitinin təmin olunması isə artıq təxirəsalınmaz zərurətə çevrilib.

