Sumqayıt şəhərinin 22-ci məhəlləsində yerləşən 2a saylı yataqxananın həyətində təhlükəli vəziyyət yaranıb.
Denmedia.az xəbər verir ki, ərazidə naməlum mənşəli qurdlar kütləvi şəkildə artaraq yaşayış sahəsinə doğru hərəkət etməyə başlayıblar.
Sakinlərin sözlərinə görə, son günlər bu canlılar həyət boyu sürünərək pilləkənaltı, giriş hissələrinə və evlərin içərisinə qədər gəlib çıxırlar. Sakinlər arasında uşaqlar və yaşlı insanlar üçün ciddi təhlükə yaranıb.
> “Uşaqları çölə buraxa bilmirik. Qurdlar həyətə səpələnib, divar boyu sürünürlər. Axşamlar pəncərələri belə aça bilmirik. Evə qədər giriblər. Bu, həm sağlamlıq baxımından təhlükəlidir, həm də psixoloji gərginlik yaradır”, – deyə bina sakinlərindən biri bildirir.
Hazırda sakinlər Sumqayıt şəhər İcra Hakimiyyəti, Gigiyena və Epidemiologiya Mərkəzinə dəfələrlə müraciət etdiklərini, lakin problemin hələ də aradan qaldırılmadığını deyirlər. Onlar ərazidə dərmanlama və sanitar tədbirlərin görülməsini tələb edirlər.
Mütəxəssislər bu tip halların yayılan infeksiya və ya gigiyenik çatışmazlıqlardan qaynaqlana biləcəyini, vaxtında tədbir görülmədikdə daha geniş əraziyə yayıla biləcəyini bildirirlər.
Qeyd edək ki, 2a saylı yataqxana binası əvvəllər tələbə yataqxanası kimi fəaliyyət göstərsə də, sonradan sosial yaşayış məkanına çevrilib və burada çoxsaylı ailələr məskunlaşıb.
Hazırda sakinlər aidiyyəti qurumlardan təcili olaraq dezinfeksiya işlərinin aparılmasını və bu təhlükənin aradan qaldırılmasını tələb edirlər...
Ellada Rəsul

