UNEC-də indiyədək yüzlərlə təlim keçirilib. Lakin bu gün yekunlaşdırdığımız “Akademik İnkişaf və İnnovativ Tədris” Təlim Proqramı məzmun və məqsəd baxımından əvvəlkilərdən əsaslı şəkildə fərqlənir. Bu proqramın əsas hədəfi müəllimlərin konkret fənlər üzrə biliklərini artırmaq yox, onların bilik ötürmə potensialını, müəllimlik bacarıqlarını və peşəkar vərdişlərini gücləndirmək olub.
Denmedia.az xəbər verir ki, bu sözləri UNEC rektoru Ədalət Muradov deyib.
Mən hər zaman demişəm və bu gün də vurğulamaq istəyirəm: Müəllim təkcə bilik ötürən deyil, müəllim həm də dəyərlər yaradandır. Müəllim universitetin strateji tərəfdaşıdır. Müəllim yeniliklərə açıq olmalı, yeni bacarıqları daim mənimsəməlidir. Biz bu təlimlərdə məhz müəllimlik fəaliyyətinə birbaşa təsir edən bacarıqların inkişafına fokuslandıq.
Bu gün müəllimlər öz sahələrini nə qədər mükəmməl bilsələr də, sürətlə dəyişən texnologiyalar təhsil sahəsindən yan keçmir. Yeni texnoloji yanaşmalar və müasir təhsil texnologiyaları bizə bilik və bacarıqlarımızı auditoriyaya daha effektiv, daha yaradıcı şəkildə təqdim etmək imkanı verir. Bu baxımdan rəqəmsal bacarıqlar artıq əsas şərtə çevrilib. Tədrisin təşkilində rəqəmsal həll alətlərindən istifadə müəllimin gücünü artırır. Bu bacarıqlara yiyələnən müəllimlər daha güclü, daha çevik olur.
Universitetimizdə süni intellektin tətbiqi istiqamətində ciddi addımlar atılır. İsrailin texnoloji şirkətləri ilə əməkdaşlıq çərçivəsində layihələrimiz artıq başlayıb. Növbəti tədris ilindən etibarən süni intellektli professor yardımçısını tələbələrimizin sərəncamına verəcəyik. Müəllimlər süni intellektdən istifadə etməklə tələbələrin bilik və bacarıqlarının formalaşmasında daha böyük uğurlar əldə edə bilərlər. Bunun üçün müəllimlərimizin özlərinin də bu bacarıqlara yiyələnməsi olduqca vacibdir.
Təlimlərimiz bununla bitmir, əksinə, daha da genişlənəcək. Təkcə UNEC daxilində yox, eyni zamanda müəllimlərimizin xarici ölkələrin nüfuzlu universitetlərində təlim keçməsi, ezam olunması da nəzərdə tutulur.
Bu gün UNEC artıq layihə əsaslı tədris modelinə keçib. Növbəti semestrdən UNEC Dizayn Məktəbində tədris tam şəkildə layihə əsaslı təşkil olunacaq. Bu modelin digər fakültələrdə də mərhələli şəkildə tətbiqi davam edəcək. Eyni zamanda çevrilmiş dərs modelinə başlamışıq və bu tip dərslərin sayını artırmağı planlaşdırırıq.
Əlbəttə ki, layihə əsaslı tədrisə və çevrilmiş dərslərə keçid fakültə idarəetməsində də dəyişiklikləri zəruri edir. Artıq köhnə idarəetmə modeli ilə yeni təhsil texnologiyalarının tətbiqi arasında ziddiyyət yaranır. Buna görə də yeni yanaşmalara ehtiyac var və biz bu istiqamətdə ciddi şəkildə işləyirik.
Hazırda üzərində çalışdığımız əsas layihələrdən biri də müəllimlərin əmək haqqının differensiallaşdırılmasıdır. Dosent bir neçə dərəcəli dosent olacaq, professor bir neçə dərəcəli professor olacaq, müəllim və baş müəllimlər də mərhələli şəkildə dərəcələndiriləcək. Əməkhaqqı artımı da bu dərəcələrə uyğun həyata keçiriləcək. Artıq sovet dövründənqalma, hamıya eyni faizlə maaş artımı praktikasına son qoyuruq. Bundan sonra universitetdə əsas meyar rəqabət və inkişaf olacaq. Müəllimlərin bu kimi özünüinkişaf təlimlərində iştirakı onların dərəcəsinin müəyyən edilməsində əsas meyarlardan biri olacaq.
Bu gün burada yekunlaşdırdığımız təlimlər akademik inkişaf və təhsil texnologiyaları sahəsində universitetimizdə keçirdiyimiz ilk proqramdır. Geriyə baxanda böyük bir yolu uğurla keçdiyimizi əminliklə deyə bilərik.
Universitetin inkişaf etməsinin əsas yolu savadlı, bacarıqlı, daim öz üzərində işləyən müəllimlərin yetişdirilməsidir. Texnologiya, infrastruktur, rəqəmsallaşma, süni intellekt – bunların hamısı müəllimə dəstək üçündür. Bu vasitələrin heç biri müəllimi əvəz edə bilməz. Biz də öz tərəfimizdən müəllimlərimizə hər cür dəstəyi verməyə hazırıq.
Nizami Rəsulov
Denmedia.az

