Naxçıvan Muxtar Respublikasının təhsil tarixində növbəti parlaq səhifə yazılıb.
Denmedia.az xəbər verir ki, Ordubad rayonu Aşağı Əylis tam orta məktəbinin şagirdi Ayxan imtahanlarda mümkün olan ən yüksək nəticəni — 300 tam balı toplayaraq nəinki Naxçıvan, həm də Azərbaycan üzrə birinciliyi qazanıb.
Bu möhtəşəm uğur məktəb kollektivi və rayon ictimaiyyəti tərəfindən böyük qürur hissi ilə qarşılanıb. Əldə olunan bu tarixi nailiyyət şagirdin fərdi zəhməti ilə yanaşı, ilk növbədə onun dəyərli ailəsinin dəstəyi və Aşağı Əylis tam orta məktəbinin fədakar müəllimlərinin peşəkar əməyinin bəhrəsidir. Məktəb rəhbərliyi bildirir ki, bu cür yüksək nəticələr təhsil müəssisəsinin doğru yolda olduğunun ən aydın sübutudur və hər bir müəllimin fədakarlığı bu qələbədə müstəsna rol oynayıb. Ayxanın qazandığı bu zəfər regionun təhsil potensialını bir daha nümayiş etdirməklə yanaşı, digər şagirdlər üçün də böyük stimul mənbəyinə çevrilib.
Məktəb rəhbərliyi və müəllim heyəti şagirdlərin inkişafı, yeni-yeni uğurların qazanılması üçün bundan sonra da eyni əzm, məsuliyyət və sarsılmaz iradə ilə çalışmağa davam edəcəklərini bəyan ediblər. Biz də öz növbəmizdə ölkə birincisi olan Ayxanı, onun valideynlərini və bu uğurda əməyi keçən bütün müəllimləri ürəkdən təbrik edirik!
Ellada Rəsul
Denmedia.az

