İran 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərlə bağlı xidmətlərə görə ödəniş almayacaq.
Bu barədə ölkənin Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
Bildirilib ki, qərar İslamabad Anlaşma Memorandumu çərçivəsində qəbul edilib.
Sənədə əsasən, iki ay müddətində müraciət edən şəxslərdən hər hansı ödəniş tutulmayacaq. Bu xidmətlərlə bağlı xərcləri İran hakimiyyəti özü qarşılayacaq.
Bununla belə, Hörmüz boğazından gəmilərin keçid qaydası dəyişməz olaraq qalır. Bütün gəmilər əvvəlki kimi İranın Fars körfəzinə Nəzarət İdarəsinə müraciət etməlidir.
Tehrandan bildirilib ki, belə müraciətlərə operativ qaydada baxılacaq.
İdarədən həmçinin qeyd olunub ki, akvatoriyada minalardan təmizləmə tədbirləri İran və ABŞ arasında bağlanmış memorandumun müddəalarına uyğun həyata keçiriləcək.
İran tərəfi gəmiçiliyin təhlükəsizliyi məsələlərinə də diqqət çəkib. Bildirilib ki, Hörmüz boğazı ətrafında müəyyən təhlükələr qalmaqda davam edir.
Bu səbəbdən insidentlərin qarşısını almaq üçün gəmilər müəyyən edilmiş marşrutlara və keçid vaxtlarına əməl etməlidir.

