Vaşinqtonun diplomatiyada nəticə əldə edə bilmədikdə sanksiyaları artırmağa üstünlük verməsi təhlükəli asılılığa çevrilib.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bu barədə X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ diplomatik yoldan istifadə edə bilmədiyi hər dəfə sanksiyalara əl atır, həmin sanksiyalar nəticə vermədikdə isə onların miqyasını daha da artırır.
Bəqayi bildirib ki, “bu, artıq siyasət deyil, vərdişdir və daha təhlükəlisi, düşüncəni əvəz edən asılılıqdır”.
İran XİN nümayəndəsi ABŞ maliyyə naziri Skott Bessentin Vaşinqtonun iqtisadi sanksiyalar vasitəsilə İranı “boğazından tutduğu” barədə son açıqlamasını da tənqid edib.
Onun fikrincə, bu bəyanat ABŞ-nin sanksiyalardan həddindən artıq asılılığının göstəricisidir.
Bəqayi əlavə edib ki, İran onilliklər ərzində bu təzyiqlərlə “boğula bilməyəcəyini” göstərib. O hesab edir ki, əsas risk Vaşinqtonun bu siyasəti davam etdirməklə özünün yaratdığı böhrandan daha az itki ilə çıxmaq imkanlarını da məhdudlaşdırmasıdır.

