ABŞ, Rusiya və Çin liderləri arasında mümkün razılaşma dünyanı üçüncü dünya müharibəsi təhlükəsindən uzaqlaşdıra bilər.
NEWS.ru-ya danışan hərbi ekspert və hava hücumundan müdafiə qoşunlarının tarixçisi Yuri Knutov bildirib ki, Donald Tramp, Vladimir Putin və Si Cinpinin üçtərəfli görüşü maraqlı təşəbbüs ola bilər. Lakin onun sözlərinə görə, belə bir görüşün real nəticə verməsi liderlərin əldə olunan razılaşmalara əməl etməyə hazır olub-olmamasından asılıdır.
Ekspert qeyd edib ki, Tramp, Putin və Si Cinpinin Çində, APEC sammiti çərçivəsində mümkün görüşü müzakirə olunur. Onun fikrincə, əsas çətinlik nüvə silahlarının məhdudlaşdırılması məsələsidir. ABŞ bu mövzuda razılaşma istəyir, Çin isə buna hazır görünmür.
Knutov hesab edir ki, tərəflər təsir dairələri və gələcək danışıqlar üçün əsas ola biləcək ilkin təkliflər üzərində razılığa gələ bilsələr, bu, çox mühüm addım olar.
“Belə bir görüş baş tutsa və gələcək danışıqların əsasını təşkil edə biləcək ilkin təkliflər hazırlansa, dünya üçüncü dünya müharibəsi uçurumundan uzaqlaşa bilər”, – ekspert bildirib.

