Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Kristal 1” yaşayış kompleksində dəhşətli hadisə baş verib.
Den.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən kompleksin 22 saylı binasında qorxulu anlar yaşanıb.
Sakinlərin bildirdiyinə görə, binanın sonuncu mərtəbəsinə əlində bıçaq olan bir nəfər naməlum şəxs qalxaraq mənzillərdən birinə zorla daxil olub. Hadisənin şahidlərinin iddiasına əsasən, həmin şəxs mənzildə yaşayan gənc oğlanı zor tətbiq etməklə binadan atmaq istəyib. Hadisə yerində səslərin yüksəlməsi və təhlükəli vəziyyətin yaranması binada yaşayan digər sakinlərin təşvişə düşməsinə səbəb olub.
Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə gələn polis əməkdaşları cəlb olunub.
Gəncin vəziyyəti barədə dəqiq məlumat verilməsə də, ilkin məlumatlara əsasən o, xəsarət almayıb və hadisə yerində tibbi yardım göstərilib.
Sakinlər bildirirlər ki, “Kristal 1” yaşayış kompleksində əvvəllər də bəzi mübahisəli hallar yaşanıb, lakin bu dəfəki hadisə binada yaşayanlar arasında ciddi narahatlıq doğurub. Onlar kompleksdə təhlükəsizlik tədbirlərinin artırılmasını, nəzarət kameralarının və mühafizə sisteminin təkmilləşdirilməsini tələb edirlər.
Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Den.az olaraq hadisəni diqqətdə saxlayırıq və rəsmi açıqlama olduqda ictimaiyyətə təqdim edəcəyik.