Abşeronda Tahirovlar ailəsinin 5 uşağı təhsildən kənarda qalıb. Buna səbəb hələ bu günə kimi onlara heç bir sənədin alınmamasıdır.
Ailə indiyə kimi sənəd almaq üçün heç bir quruma müraciət etməyib.
Ailə bunu belə izah edir ki, ata hər gün işdə olur, ailənin maddi ehtiyaclarını zorla ödəyir. Ana isə evdar qadındır, uşaqlara baxır, başqa heç bir işə vaxtı qalmır.
Əslən Lənkəran rayonundan olan Tahirovlar ailəsi illərdir sənədsizlik problemi ilə üzləşib. Hazırda Abşeron rayonunun Goradil kəndində məskunlaşan ailə çıxılmaz vəziyyətdə qalıb. Ailənin beş azyaşlı övladının heç birinin nə doğum haqqında şəhadətnaməsi, nə də şəxsiyyət vəsiqəsi var. Belə olan halda isə uşaqlar təhsildən və sosial hüquqlardan məhrum qalıblar. Ailənin qohumu Zenfira Abdullayeva vəziyyətdən narahat olduğunu bildirir.
14 yaşlı Rasimə Tahirova, 13 yaşlı Ramal Tahirov, 12 yaşlı Emin Tahirov, 6 yaşlı Alixan Tahirov məktəbə gedə bilmir. 3 yaşlı Dərya Tahirova isə sənədsiz olduğu üçün bağçaya qəbul edilmir.
Uşaqların anası Günel Tahirova bildirir ki, uşaqları məktəbə getmək, oxumaq, həmyaşıdları kimi gələcək qurmaq istəyirlər. Amma sənədləri olmadığı üçün heç bir yerə qəbul edilmirlər.
Hazırda ailə sosial dəstəyə və hüquqi yardıma ehtiyac duyur.
Hüquqşünaslar isə bildirir ki, vətəndaş özünün və ailə üzvlərinin hüquqi statusunu rəsmiləşdirmək məqsədilə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına müraciət edə bilər. Bununla bağlı heç bir əngəl yoxdur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.