Avstriyada 39 yaşlı alpinist məhkəməyə çıxarılıb — səbəb onun 33 yaşlı sevgilisinin dağa qalxarkən soyuqdan həlak olmasıdır. Bu barədə Heute məlumat yayıb.
Cütlük Qrossqlokner zirvəsini fəth etməyə çalışırdı. Zirvəyə cəmi 50 metr qalmış qadının vəziyyəti pisləşib və o, yola davam edə bilməyib. Bundan sonra kişi sevgilisini dağın yamacında tək qoyaraq kömək dalınca gedib.
Polisin araşdırmasına görə, kişi təcrübəli alpinist olmasına baxmayaraq, qadını yürüşə düzgün hazırlamayıb. O, sevgilisinə belə şərait üçün yararsız avadanlıqla qalxmağa icazə verib və yürüş planlaşdırılandan iki saat gec başlayıb.
Faciəni daha da pisləşdirən başqa səhvlər də olub. Kişi qadını tərk edəndə onu küləkdən qorunan yerə keçirməyib, istilik örtüyü ilə örtməyib. Daha sonra cütlüyün üzərindən xilasedici helikopter keçəndə kişi siqnal verməyib. Polis alpinistlərin uzun müddət görünmədiyini görüb onunla əlaqə saxlamağa çalışsa da, kişi telefonunu söndürüb.
Nəhayət, o vəziyyəti bildirdikdə güclü külək xilasetmə əməliyyatına mane olub. Qadına çatana qədər artıq çox gec idi — o, yamacda 6,5 saat tək qalmışdı.
Hazırda alpinistə qarşı ehtiyatsızlıqdan adam öldürmə ittihamı irəli sürülüb. Ona üç ilə qədər həbs cəzası verilə bilər.

