Londonda tanışlıq tətbiqlərindən istifadə edərək evlərə girən iki cinayətkar saxlanılıb. Bu barədə Daily Mirror nəşri məlumat yayıb.
Məlumata görə, Əfqanıstandan olan iki qaçqın tanışlıq proqramlarında saxta profillər yaradaraq insanlarla ünsiyyət qurur, etibar qazandıqdan sonra isə evə dəvət olunurdular. 23 yaşlı Rahmat Xan Məhəmmədi və 27 yaşlı Məhəmməd Bilal Hotak bir neçə ay ərzində bu üsulla onlarla şəxsi aldadıb.
Cinayət sxemi belə işləyirdi: evə daxil olduqdan sonra onlar YouTube-da musiqi açmaq bəhanəsi ilə telefonun şifrəsini öyrənir, daha sonra isə fürsət tapıb smartfonu götürərək mənzildən gizlicə çıxırdılar. Ardınca bank tətbiqləri vasitəsilə pul köçürmələri və digər maliyyə əməliyyatları aparılırdı.
Zərərçəkənlər adətən su içmək və ya tualetə getmək üçün otaqdan çıxdıqdan sonra geri qayıdarkən evin boş olduğunu, telefonun itdiyini və hesablarından pul çıxarıldığını görürdülər.
İstintaq müəyyən edib ki, Məhəmmədi beş ay ərzində 11-dən çox şəxsi, Hotak isə təxminən beş nəfəri talayıb. Məhkəmənin qərarı ilə Məhəmmədi 5 il, Hotak isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

