Ümumdünya Səhiyyə Təşkilatı, yəni ÜST, Konqo Demokratik Respublikası və Uqandada Ebola qızdırması epidemiyası səbəbindən beynəlxalq fövqəladə vəziyyət rejimi elan edib. Təşkilatın bəyanatı mayın 15-də rəsmi saytında yayımlanıb.
ÜST vurğulayıb ki, söhbət pandemiyadan deyil, epidemiyadan gedir. Hazırda yoluxanların real sayı və xəstəliyin coğrafi yayılma miqyası ilə bağlı ciddi qeyri-müəyyənlik qalır.
Mövcud məlumatlara görə, Konqo Demokratik Respublikasının üç zonasında Ebola ilə əlaqəli olduğu ehtimal edilən 80 ölüm halı qeydə alınıb. Yoluxma hallarının sayı isə 246-ya çatıb. Onlardan hələlik yalnız 8-i laboratoriya yolu ilə təsdiqlənib.
Ebola qızdırması ocağının episentri Konqonun İturi əyalətində yerləşən Monqbvalu və Rvampara rayonlarıdır.
ÜST-nin Afrika ölkələri üzrə Regional Bürosunun direktoru Məhəmməd Canabi bildirib:
Konqo Demokratik Respublikası Ebola qızdırması ocaqları ilə mübarizədə böyük təcrübəyə malikdir və ÜST hazırkı cavab tədbirləri çərçivəsində dəstəyi operativ şəkildə artırır. Milli hakimiyyət orqanları və tərəfdaşlarla sıx əməkdaşlıq edərək virusun yayılmasını dayandırmaq, insanları qorumaq və həyatları xilas etmək üçün əlavə resurslar və mütəxəssisləri sürətlə səfərbər edirik.
Ebola virusu insanlara əsasən vəhşi heyvanlardan keçir. İlk əlamətlərə yüksək hərarət, əzələ ağrıları, baş ağrısı və boğaz ağrısı daxildir. Daha sonra böyrək və qaraciyər funksiyalarında pozulmalar yarana bilər.

