İngiltərənin Derbişir qraflığında yerləşən idman-sağlamlıq kompleksinin akvaparkında kimyəvi maddə sızması şübhəsi səbəbindən təxminən 15 nəfər xəstəxanaya yerləşdirilib.
“Metro” yazır ki, hadisə yerinə yanğın-xilasetmə və digər təcili xidmət əməkdaşları cəlb olunub.
Şahidlərin sözlərinə görə, akvaparkda olan uşaqlar və böyüklər qəfil özlərini pis hiss etməyə başlayıblar. Ziyarətçilər baş ağrısı, nəfəs almaqda çətinlik, boğaz quruluğu və öskürəkdən şikayət ediblər.
Hadisədən sonra kompleks rəhbərliyi obyekti müvəqqəti bağlayıb, üzgüçülük dərsləri, akvapark ziyarətləri və bütün rezervasiyalar ləğv edilib. Hazırda insidentin səbəbləri araşdırılır.

