Zərdab rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəza rayonun Məlikumudlu kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, Yevlax rayonundan Zərdabın Məlikumudlu kəndinə qonaq gələn şəxslərin olduğu minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yüksək gərginlikli elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin Leyla İsmayılova həyatını itirib.
Qəza zamanı xəsarət alan 20 yaşlı Şəfaqət İsmayılova və 40 yaşlı Aybəniz İsmayılova Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəza nəticəsində yüksək gərginlikli elektrik dirəyinin aşması səbəbindən Məlikumudlu və Çallı kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.
Hadisədən sonra DenazTV-yə danışan məruhumun yaxınları bildiriblər ki, xəstəxanada yaralılara vaxtında tibbi yardım göstərilməyib və bu gecikmə faciə ilə nəticələnib. Onların sözlərinə görə, qəza nəticəsində yaralananlar Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, təxminən yarım saat ərzində zəruri tibbi müdaxilə edilməyib. Müsahibin iddiasına əsasən, bibisi həmin müddətdə köməksiz qalıb və elə xəstəxanada həyatını itirib.
Vətəndaşların sözlərinə görə, vəziyyəti ağır olan digər yaralıların başqa şəhərdə yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi üçün təcili tibbi yardım avtomobili tələb etsələr də, onlara belə bir nəqliyyat vasitəsi ayrılmayıb. İddialar bununla da bitmir. Müsahib deyir ki, xəstəxananın direktor müavini tərəfindən onlara qarşı aqressiv davranış sərgilənib. Xəstəxanada həkim çatışmazlığının olduğu, bəzi hallarda isə təcrübə keçən şəxslərin xəstələrə tibbi yardım göstərməyə cəlb edildiyi iddia olunur.
Qeyd edək ki, mərhumun meyiti artıq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Əlibala Əsgərov
Denmedia.az

