Tokionun Haneda hava limanında təhlükəsizlik əməkdaşları turistlərdən birinin çamadanına baxış keçirərkən 200 kərtənkələ aşkarlayıblar.
Məlumata görə, Meksika vətəndaşı sürünənləri 22 cüt corabın içində gizlədib, corabları isə köynəyə bükərək çamadana yerləşdirib.
Baqaj açıldıqdan sonra kərtənkələlərdən birinin öldüyü müəyyən edilib.
Şübhəli şəxs saxlanılıb. Yaponiya polisi onun mümkün qaçaqmalçılıq planı barədə hələ iyulun sonunda anonim məlumat almışdı. Məlumatda kərtənkələlərin ölkəyə gətirilərək yerli sürünənlər sərgisində satılmasının planlaşdırıldığı bildirilirdi.

Araşdırmaya görə, saxlanılan şəxs kərtənkələləri Meksikada aldığını bildirib. Tapılan sürünənlər arasında beynəlxalq ticarəti CITES çərçivəsində məhdudlaşdırılan növlər də olub.

