ABŞ-da özünü ateist hesab edən qadın klinik ölüm keçirdikdən sonra Tanrının varlığına inandığını bildirib.
“Daily Mail”in məlumatına görə, ABŞ Müdafiə Nazirliyində keçmiş laboratoriya əməkdaşı olan Anna Stoun 2016-cı ildə, 38 yaşında ikən uşaqlıqdankənar hamiləlik zamanı ürək dayanması keçirib.
Stounun sözlərinə görə, əvvəlcə dözülməz ağrı hiss edib, daha sonra isə sanki bədənindən ayrılaraq həkimlərin onun ölümünü qeydə aldığını kənardan izləyib. O, həmin vəziyyətdə həyatının müxtəlif dövrlərindəki özünü – 2, 6, 12 və 16 yaşındakı halını gördüyünü iddia edib.
Qadın, həmçinin vaxtilə münaqişə yaşadığı insanları gördüyünü və öz davranışlarına onların gözü ilə baxdığını deyib. Onun sözlərinə görə, bu təcrübə ona keçmişdə nə qədər eqoist davrandığını anlamağa kömək edib.
Stoun bildirib ki, bir anda Tanrının varlığını hiss edib. O, bu hissi okeana, insanları isə həmin okeandakı damlalara bənzədib. Onun təsvirinə görə, insanlar öldükdən sonra vahid şüura qayıdır, amma fərdiliyini itirmirlər.
Amerikalının ürəyi təxminən 6 dəqiqə döyünməyib, lakin həkimlər onu reanimasiya edə biliblər.
Stoun sonradan onda qeyri-adi hisslərin yarandığını iddia edib. O, təhlükə barədə əvvəlcədən xəbər verən “daxili səs” eşitdiyini, hətta bəzən başqalarının düşündüyü suallara cavab verdiyini söyləyib.
Cənubi Kaliforniya Universitetində aparılan müayinələr zamanı onda şizofreniya aşkarlanmayıb. Ona yalnız keçmiş travmalarla əlaqəli posttravmatik stress pozuntusu diaqnozu qoyulduğu bildirilir.
Stoun hadisədən sonra alkoqol asılılığından da qurtulduğunu iddia edib. Daha sonra ruhani psixologiya üzrə təhsil alıb və hazırda başqalarına travmaları anlamaqda kömək etdiyini bildirir.

