Böyük Britaniyada 30 yaşlı qadının saçını boyaması ağır allergik reaksiya ilə nəticələnib.
Üzü tanınmaz hala düşən qadını hətta həyat yoldaşı belə tanımaqda çətinlik çəkib.
Horsham şəhərində yaşayan İzabella Martin uzun illərdir saçını müntəzəm olaraq boyayıb. Lakin bu dəfə saç rəngini bir qədər tündləşdirmək istəyən qadın gözlənilməz hadisə ilə üzləşib.
Boyadan əvvəl allergiya testi etməyən Martin bir müddət sonra baş dərisində qaşınma və qızartı hiss edib. Saatlar ərzində allergik reaksiya şiddətlənərək bütün üzünə yayılıb.



Qadının üzü o qədər şişib ki, xarici görünüşü tamamilə dəyişib. Vəziyyəti ağırlaşan Martin xəstəxanaya müraciət edib. Ona steroid preparatları və allergiya əleyhinə müalicə tətbiq olunsa da, şişkinliyin aradan qalxması vaxt aparıb.
Yaşadığı qorxulu anları xatırlayan qadın bildirib:
“Üzüm o qədər şişmişdi ki, həyat yoldaşım mənə baxıb ‘Sən doğrudan da mənim arvadımsan? Heç ona oxşamırsan’, – dedi. Güzgüdə özümü tanıya bilməmək dəhşətli hiss idi”.
İzabella Martin yaşadığı hadisədən sonra bir daha saçını boyamağa cəsarət etmədiyini bildirib.
O, əvvəllər eyni məhsuldan dəfələrlə istifadə etmiş şəxslərə belə saç boyamazdan əvvəl allergiya testi aparmağı tövsiyə edib.
Mütəxəssislər də saç boyalarının tərkibindəki kimyəvi maddələrin əvvəllər problem yaratmasa belə, sonradan ciddi allergik reaksiyalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

