Azərbaycanda polis əməkdaşları tərəfindən sentyabrın 23-də qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan isə 9 cinayətin üstü açılıb. Axtarışda olan 124 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olan şəxslərdən 108-i borclu qismində axtarılıb. Cinayət törətməkdə şübhəli bilinən daha 55 nəfər saxlanılıb.
Keçirilən əməliyyatlar zamanı narkotiklərlə bağlı 15, qanunsuz silah-sursatın aşkar edilərək götürülməsi ilə əlaqədar isə 5 fakt müəyyən olunub.
Bundan əlavə, ailə üzvlərinə xəbər vermədən evdən gedərək itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılıb. Dələduzluğa görə axtarışda olan 4 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Polis əməkdaşları tərəfindən 31 kiloqrama yaxın narkotik vasitə və 228 ədəd güclü təsiredici həb aşkar edilərək götürülüb.
Həmçinin ümumi çəkisi təxminən 1,3 ton olan, tərkibində narkotik maddələr saxlayan 3 960 ədəd yabanı halda bitən bitki məhv edilib.
Bakı və ölkənin müxtəlif rayonlarında keçirilən tədbirlər zamanı 2 avtomat, 4 tüfəng, 2 daraq və 12 patron aşkar edilərək götürülüb.
DİN-dən bildirilib ki, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının aşkarlanması, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

