ABŞ-ın Florida ştatında məktəb yaxınlığında baş verən davalardan sonra atəş açılması nəticəsində bir yeniyetmə yaralanıb.
ClickOrlando xəbər verir ki, hadisə oktyabrın 2-də axşam saatlarında Oko şəhərindəki Ocoee High School məktəbinin yaxınlığında baş verib.
Həmin gün məktəbin stadionunda Ocoee və Jones komandaları arasında futbol qarşılaşması keçirilib. Qonaqların 15:6 hesablı qələbəsi ilə başa çatan oyundan sonra məktəbin avtomobil dayanacağında bir neçə dava baş verib.
Dava barədə məlumat alan polis əməkdaşları hadisə yerinə göndərilib. Yerli vaxtla təxminən 21:24-də isə atışma barədə məlumat daxil olub.
Polisin bildirdiyinə görə, bədəninin aşağı nahiyəsindən güllə yarası alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı açıqlanıb.
Polis əməkdaşları gec saatlaradək ərazidə araşdırma aparıblar.

