İranın Rusiyadakı səfiri Kazem Cəlali Beynəlxalq Qüds Günü münasibətilə keçirilən mətbuat konfransında bildirib ki, ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində təxminən 70 min insan yaralanıb.
Diplomatın sözlərinə görə, hücumlar mülki əhali arasında çoxsaylı itkilərə və genişmiqyaslı dağıntılara səbəb olub.
Cəlali qeyd edib ki, zərbələr nəticəsində İran rəhbərliyinin və hərbi komandanlığının yüksək vəzifəli nümayəndələri də həlak olub. Onun sözlərinə görə, hücumlar zamanı İranın ali lideri ayətullah Əli Xamenei və çox sayda hərbi komandir həyatını itirib.
Diplomat həmçinin Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində məktəbli qızların həlak olduğunu vurğulayıb.
Bu günə qədər 1 348 mülki vətəndaş həlak olub, 70 min nəfər yaralanıb. 206 məktəbli həyatını itirib, 40 professor və tələbə ölüb. Hücumlar nəticəsində 19 min obyekt dağıdılıb.
Cəlalinin sözlərinə görə, dağıdılan obyektlərin böyük hissəsi mülki infrastruktur olub. O bildirib ki, 16 min yaşayış evi və 1 647 ticarət mərkəzi də məhv edilib.

