“Çelsi” klubunun baş məşqçisi Liam Rozinyor vəzifəsindən ayrılıb. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Qərarın 40 yaşlı mütəxəssisin rəhbərliyi altında komandanın son oyunlardakı uğursuz nəticələri ilə bağlı olduğu bildirilir. Klub rəhbərliyi bu addımı “çətin qərar” kimi qiymətləndirərək Rozinyora və məşqçilər heyətinə görülən işə görə təşəkkür edib.
Müvəqqəti baş məşqçi vəzifəsinə Kallum Makfarleyn təyin olunub. O, mövcud məşqçilər heyəti ilə birlikdə çalışacaq və qarşısına komandanı avrokuboklara çıxarmaq məqsədi qoyulub.
“Çelsi” İngiltərə Premyer Liqasında ardıcıl beş oyunda məğlub olub və bu matçların heç birində qol vura bilməyib. Komanda son olaraq 21 apreldə “Brayton”a 0:3 hesabı ilə uduzub və hazırda turnir cədvəlində yeddinci pillədə qərarlaşıb — avrokubok zonasından kənarda.
Qeyd edək ki, Liam Rozinyor bu ilin yanvar ayında “Çelsi”nin baş məşqçisi vəzifəsinə gətirilmişdi.

