Cənubi Amerika marafon rekordçusu, braziliyalı atlet Daniel Ferreyra 44 gün davam edən axtarışlardan sonra sağ tapılıb.
ESPN-in məlumatına görə, idmançı San-Paulu şəhərinin şərq hissəsində aşkarlanıb. Yoldan keçən şəxslərdən biri onu axtarış elanında yayılan fotolardan tanıyaraq polisə məlumat verib.
Ferreyra daha sonra polis bölməsində anası ilə görüşüb. Hüquq-mühafizə orqanları onun sağlamlıq vəziyyətinin qənaətbəxş olduğunu açıqlayıb.
Atlet yoxa çıxmasının səbəblərini ətraflı izah etməyib. O, yalnız şəxsi problemlər səbəbindən evi tərk etdiyini bildirib.
Anası Valdirene Paula daha əvvəl sosial şəbəkədə oğlunun 19 iyun axşamı yalnız qara bel çantası götürərək evdən çıxdığını yazmışdı. O, həmçinin övladının psixi sağlamlıq problemlərinin olduğunu qeyd etmişdi. Ferreyranın 28 iyulda 28 yaşı tamam olub.
Daniel Ferreyra Braziliyanı 2021-ci il Olimpiya Oyunlarında marafon yarışında təmsil edib. O, 2022-ci ilin aprelində Seul marafonunu 2 saat 4 dəqiqə 51 saniyəyə başa vuraraq Cənubi Amerika rekordu müəyyənləşdirib.
2024-cü ildə atlet dopinq testindən keçə bilməyib. Onun nümunəsində drostanolon, metenolon və nandrolon aşkarlanıb. 2025-ci ilin mayında isə ona 5 illik diskvalifikasiya cəzası verilib.

