ABŞ Maliyyə Nazirliyinin OFAC qurumu Qazaxıstan ərazisi ilə Rusiya neftinin Çinə tranziti üçün verilmiş lisenziyanın müddətini 19 mart 2027-ci ilədək uzadıb. Bu barədə Qazaxıstanın Energetika Nazirliyi “İnterfaks”a məlumat verib.
Nazirliyin açıqlamasında bildirilir ki, OFAC ilə aparılan danışıqlar nəticəsində tranzit əməliyyatlarına icazə uzadılıb və bu istiqamətdə əməkdaşlıq davam etdiriləcək.
Hazırda Rusiya neftinin Çinə tranziti sanksiyalarda nəzərdə tutulan istisnalar əsasında davam edir.
“Vəziyyət daim nəzarətdə saxlanılır”
Bundan əvvəl “KazTransOil” şirkətinin nəqliyyat departamentinin direktoru İslamdaut Akuayev bildirmişdi ki, Qazaxıstan OFAC-dan tranzit əməliyyatlarının 29 aprel 2026-cı ilə qədər mümkün olmasına dair məktub alıb.
Qazaxıstan hər il Çin istiqamətində 10 milyon ton Rusiya nefti nəql edir. Bu həcmlər 2034-cü ilə qədər qüvvədə olan hökumətlərarası razılaşma çərçivəsində həyata keçirilir.
Hazırda isə Astana və Moskva tranzitin 12,5 milyon tona qədər artırılması ilə bağlı danışıqlar aparır.

