ABŞ administrasiyası ölkə daxilində yanacaq qiymətlərini azaltmaq məqsədilə dizel yanacağının ixracına 90 günlük qadağa tətbiq etməyi planlaşdırır.
Politico nəşrinin məlumatına görə, Ağ Ev noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində enerji daşıyıcılarının bahalaşmasının qarşısını almaq üçün yeni məhdudiyyət üzərində işləyir.
Mənbələrin bildirdiyinə görə, qadağa ilə bağlı hüquqi mexanizmlər hələ də hazırlanır. Bununla belə, ABŞ Prezidenti Donald Trampın müvafiq qərarı həftənin sonuna qədər elan edə biləcəyi istisna olunmur.
Qərar qəbul edilərsə, bu, ABŞ-da 2015-ci ildən sonra enerji daşıyıcılarının ixracına tətbiq edilən ilk belə məhdudiyyət olacaq. Həmin il sabiq Prezident Barak Obama onilliklər ərzində qüvvədə olmuş xam neft ixracı qadağasını ləğv etmişdi.
Lakin Tramp administrasiyası daxilində və neft sənayesində bu təşəbbüslə bağlı ciddi fikir ayrılıqları mövcuddur.
Neft sənayesinin nümayəndələri ixrac qadağasının qısamüddətli qiymət azalmasına səbəb ola biləcəyini, lakin gələcəkdə yanacağın daha da bahalaşması riskini artıracağını bildirirlər.
ABŞ-ın energetika naziri Kris Rayt, maliyyə naziri Skott Bessent və daxili işlər naziri Duq Berqam da təklifə qarşı çıxan rəsmilər arasındadır.
Mənbələrin məlumatına görə, Ağ Evdə qadağanın tətbiqi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

