Meksikoda oğurlanan rusiyalı pianoçu Marina Romanovanın qızı, azyaşlı Kristina, ehtimal ki, qara transplantoloqlar tərəfindən qaçırılıb.
Bu məlumatın mənbəyi REN TV-nin Telegram kanalıdır.
Hadisə 2023-cü ilə təsadüf edir: həmin vaxt məktəbin girişində naməlum şəxslər uniformada uşağı zorla avtomobilə mindiriblər. Bildirilir ki, həmin nəqliyyat vasitəsi guya DIFEM bələdiyyə qəyyumluq xidmətinə məxsus olub. O vaxtdan iki il yarım keçsə də, qızın anası Meksika hakimiyyətindən heç bir real kömək ala bilməyib. Üstəlik, ona istintaq materialları ilə tanış olmaq imkanı da verilməyib — bütün müraciətlər ya cavabsız qalıb, ya da formal şəkildə rədd edilib.
Marina Romanova Meksikanın yüksək vəzifəli şəxslərinə müraciətlər ünvanlayıb. O, həm ştatın qubernatoruna, həm də ölkə prezidentinə yazılı şəkildə müraciət edib. Bundan əlavə, qadın məhkəməyə üz tutaraq yerli qəyyumluq orqanı və prokurorluğa qarşı iddia qaldırıb. Lakin hakim Rut Kano Xuares hüquqların qorunması ilə bağlı vəsatəti cavabsız qoyub. Bundan bir neçə gün sonra isə Kristina məhkəmə binasından yoxa çıxıb.
Qızımın başına gələ biləcək hər şeyə görə bu qurumları məsul hesab edirəm. Kristina insan alverinin qurbanıdır və hökumət bunu bilir, — deyə Romanova bildirib.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda azyaşlı Kristinanın artıq 2,5 ildir narkotik təsiri altında saxlanıldığı, zorakılığa məruz qaldığı və müxtəlif şəhərlərə aparıldığı iddia olunur. Həmçinin bildirilir ki, cinayətkarlar onun 18 yaşına çatmasını gözləyərək sonradan onu köləliyə satmaq niyyətindədir. Bununla yanaşı, polis oğurluqla bağlı ərizəni qəbul etməkdən imtina edib.

