Rusiyalı müxalifətçi Sergey Vlasenko Polşada ölü tapılıb.
Wirtualna Polska-nın məlumatına görə, 71 yaşlı siyasətçinin meyitini xaricdən qayıdan tanışı aşkarlayıb.
Hadisə Varşavadakı mənzildə baş verib. Bildirilir ki, mənzilin qapısı içəridən bağlı olub və Vlasenkonun tanışı içəri pəncərədən daxil olub.
İlkin məlumata əsasən, meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza aparılır. Polşa prokurorluğunun ilkin mövqeyinə görə, hazırda ölümün başqa şəxslərin hərəkəti nəticəsində baş verdiyini deməyə əsas yoxdur.
Bununla yanaşı, bəzi KİV-lərdə Vlasenkonun baş nahiyəsindən xəsarət aldığı və ölümünün zorakı ola biləcəyi barədə iddialar yayılıb. Lakin bu versiya hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Sergey Vlasenko Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra ölkəni tərk edib və sonradan Polşada siyasi sığınacaq alıb. O, “Xalq Deputatları Qurultayı”nın iştirakçısı olub.

