İllərdir süfrələrdə istifadə olunan bir məhsulun ürək və damar sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyi bildirilir. Söhbət marqarindən gedir.
Mütəxəssislərin sözlərinə görə, marqarinin tərkibində olan trans yağlar damar divarlarında yığıntıların yaranmasına səbəb ola bilər və bu da zamanla damarların daralması və tıxanması riskini artırır.
Marqarin istehsal olunarkən maye bitki yağları hidrogenlə bərk hala gətirilir. Bu proses nəticəsində yaranan trans yağlar isə orqanizm üçün ən zərərli yağ növlərindən hesab olunur.

Bu yağlar pis xolesterinin (LDL) səviyyəsini artırır, eyni zamanda damarları qoruyan yaxşı xolesterini (HDL) azaldır. Nəticədə damarların elastikliyi zəifləyir və ürək-damar xəstəliklərinin yaranma ehtimalı yüksəlir.
Marqarin yalnız səhər yeməyində istifadə olunan yağ deyil. O, eyni zamanda hazır paketli qidalar, şirniyyatlar, peçenyelər və bəzi çörək məhsullarının tərkibində də olur. Bu səbəbdən insanlar çox vaxt fərqinə varmadan trans yağ qəbul etmiş olur.
Bu səbəbdən məhsul alarkən etiketə diqqət yetirmək, xüsusilə “hidrogenləşdirilmiş yağ” və ya “trans yağ” ifadələrinin olub-olmadığını yoxlamaq tövsiyə olunur.

