Alimlər müəyyən ediblər ki, piylənməyə meyillilik və onunla bağlı metabolik pozğunluqlar uşağa atadan spermatozoidlər vasitəsilə keçə bilər.
Bu barədə Nature Communications jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqat Cənubi Danimarka Universiteti və Kampinas Dövlət Universitetinin alimləri tərəfindən aparılıb.
Araşdırma çərçivəsində alimlər erkək siçanlarda piylənmənin onların balalarının sağlamlığına necə təsir etdiyini öyrəniblər. Məlum olub ki, balalar normal çəki ilə doğulub və xarici görünüş baxımından nəzarət qrupu ilə fərqlənməyiblər.
Lakin bir neçə aydan sonra onlarda maddələr mübadiləsi pozğunluqları, o cümlədən qlükozaya dözümsüzlük və insulin müqaviməti müşahidə olunub. Bu hallar ikinci tip diabetin ilkin xəbərdarlıq əlamətləri hesab olunur. Dəyişikliklər xüsusilə erkək balalarda daha qabarıq olub.
Tədqiqat müəllifləri bu vəziyyəti “gizli metabolik disfunksiya” adlandırıblar. Çünki balalarda artıq çəki və ya piylənmənin xarici əlamətləri görünməyib. Alimlərin fikrincə, bu nəticə valideynlərdəki piylənmənin təsirlərinin dərhal üzə çıxmadığını və hər zaman artıq çəki ilə müşayiət olunmadığını göstərir.
Pozğunluqların ötürülməsində əsas rolu mikroRNT adlı kiçik molekullar oynayır. Bu molekullar genlərin aktivliyini tənzimləyir. Piylənməsi olan erkək siçanlarda alimlər let-7d və let-7e mikroRNT-lərinin həm yağ toxumasında, həm də spermatozoidlərdə artdığını müəyyən ediblər.
Mayalanma zamanı həmin molekullar embriona keçib və genlərin normal tənzimlənməsi üçün vacib olan DICER fermentinin istehsalını zəiflədib.
DICER çatışmazlığı isə hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin fəaliyyətində pozğunluqlara səbəb olub. Nəticədə balaların yağ toxumasında maddələr mübadiləsi dəyişib və yetkin yaşda metabolik xəstəliklərin inkişaf riski artıb.

Bununla belə, alimlər bildirirlər ki, aşkarlanan dəyişikliklər geri dönməz deyil. Erkək siçanlarda çəki azaldıqdan sonra onların balalarında mənfi metabolik təsirlər müşahidə olunmayıb.
Tədqiqatçılar insanlarla bağlı məlumatların təhlilində də oxşar nəticələr əldə ediblər. Lakin yekun təsdiq üçün daha geniş və əlavə araşdırmalara ehtiyac olduğu vurğulanıb.

