Günəş yanıqları zamanı sərin kompreslər dərinin vəziyyətini yüngülləşdirməyə kömək edə bilər. Bu barədə kosmetoloq Mariyat Muxina NEWS.ru-ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, günəş yanığı zamanı pantenol tərkibli vasitələrdən və sərin kompreslərdən istifadə etmək olar. Dərinin ehtiyatla soyudulması istilik zədəsinin daha dərin toxumalara yayılmasının qarşısını almağa kömək edir. Buzu dəriyə birbaşa tətbiq etmək olmaz.
Bəzi hallarda dərinin bərpası üçün steril qliserin və seramid, qıcıqlanmanın azaldılması üçün allantoin, nəmləndirmə məqsədilə isə hialuron turşusu tərkibli məhsullar istifadə edilə bilər.
Həkim həmçinin əlavə və konservantlar olmayan aloe vera gelinin, eləcə də uyğun hallarda iltihabəleyhinə preparatların faydalı ola biləcəyini bildirib.
Muxina vurğulayıb ki, yanıqdan sonra dəri günəş şüalarının təkrar təsirindən mütləq qorunmalıdır.
Ağrının güclənməsi, qızartının artması, irinli ifrazat və ya hərarətin yüksəlməsi kimi infeksiya əlamətləri müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.
Mütəxəssis əlavə edib ki, qabarcıqların yarandığı ikinci dərəcəli günəş yanıqları zamanı onları özbaşına deşmək olmaz.

