Dənizdə və ya hovuzda çimdikdən sonra duş qəbul etməmək dəridə güclü qıcıqlanma, quruluq və dartınma hissinə səbəb ola bilər.
Dermatoloq Yelizaveta Şuxman LIFE.ru-ya açıqlamasında bildirib ki, dəridə qalan duz, qum və xlor tərkibli maddələr onun qoruyucu lipid qatını poza, susuzlaşmaya, qızartı və qaşınmaya səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, dəniz suyunda əsas risk dəri üzərində qalan yüksək duz konsentrasiyası, hovuzda isə xlor və dezinfeksiya üçün istifadə olunan digər maddələrlə bağlıdır. Bu maddələr uzun müddət dəridə qaldıqda quruluğu və qıcıqlanmanı artıra bilər.
Şuxman çimdikdən sonra mümkün qədər tez duş qəbul etməyi tövsiyə edib. Onun sözlərinə görə, su isti deyil, ilıq olmalı, təmizlənmə üçün isə sərt tərkibli olmayan yumşaq gel və krem-gellərdən istifadə edilməlidir.
Dermatoloq duşdan sonra ilk dəqiqələrdə krem, losyon və ya emolent tətbiq etməyin də faydalı olduğunu bildirib. Bu zaman dəri nəmi daha yaxşı saxlayır.

