unanıstanın məşhur müğənnisi Yorqos Mazonakisin 54 yaşında qəfil ölümündən sonra onun plazmaferez proseduru üçün müraciət etdiyi Afinadakı özəl tibb müəssisəsi ilə bağlı araşdırma aparılır. Yunanıstan mediasının məlumatına görə, istintaq prosedurun hansı şəraitdə aparıldığını və müəssisənin buna icazəsinin olub-olmadığını müəyyənləşdirməyə çalışır.
Mazonakis planlaşdırılmış plazmaferez proseduru üçün Afinanın Kolonaki rayonundakı özəl tibb müəssisəsinə gedib. Burada vəziyyəti qəfil pisləşib və ürəyi dayanıb. Təcili yardım əməkdaşları onu “Elpis” xəstəxanasına çatdırsalar da, müğənninin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra müəssisədə aparılan yoxlama zamanı iki plazmaferez cihazı aşkarlanıb. Hazırda əsas suallardan biri prosedurun Mazonakisə tətbiq edilib-edilməməsidir. Həkimlərdən birinin ifadəsinə görə, müğənninin müalicəsini və nəzarətini onun həyat yoldaşı həyata keçirib.

İstintaq həmçinin tibb müəssisəsinin plazmaferez proseduru həyata keçirmək üçün lazımi icazəyə, avadanlığa və ixtisaslaşmış heyətə malik olub-olmadığını araşdırır. Mazonakisin ölüm səbəbi və ürək dayanmasının prosedurla mümkün əlaqəsi isə tibbi ekspertiza ilə müəyyənləşdiriləcək.
Plazmaferez nədir?
Plazmaferez qanın maye hissəsi olan plazmanın xüsusi cihaz vasitəsilə qan hüceyrələrindən ayrıldığı tibbi prosedurdur. Ayrılan plazma çıxarılır, qan hüceyrələri isə əvəzedici maye ilə birlikdə orqanizmə qaytarılır. Prosedur müəyyən hematoloji, nevroloji və immunoloji xəstəliklərdə tətbiq olunur və pasiyentin vəziyyətinin davamlı nəzarətdə saxlanmasını tələb edir.

