Yumurta səhər yeməyində ən çox istifadə edilən və əlçatan məhsullardan biridir. Lakin onun hazırlanma üsulu ürək sağlamlığı baxımından nə dərəcədə faydalı olmasına təsir edə bilər.
İntervension kardioloq Kreyq Basman “Parade” nəşrinə bildirib ki, yumurtanın ən faydalı hazırlanma üsullarından biri suda bişirməkdir.
Kardioloqun sözlərinə görə, yumurtanı qaynatmaq və ya poşe üsulu ilə hazırlamaq əlavə yağdan istifadəni aradan qaldırır. Beləliklə, rasiona “pis” xolesterinin səviyyəsinin yüksəlməsinə təsir göstərə biləcək əlavə doymuş yağlar daxil olmur.
“Yumurtanı tamamilə suda bişirdikdə ‘pis’ xolesterinin səviyyəsini yüksəldə biləcək doymuş yağlardan və yağlardan uzaq durmuş olursunuz”, – deyə Basman bildirib.
Qaynatma və poşe üsulu həmçinin yağların həddindən artıq qızdırılmasının qarşısını alır və yumurtanın tərkibindəki B qrupu vitaminləri və antioksidantların qorunmasına kömək edir.
Bəs qaynadılmış yumurtadan bezənlər nə edə bilər?
Kardioloqun sözlərinə görə, yumurtadan imtina etməyə ehtiyac yoxdur. Qayğanaq və ya omlet də hazırlamaq olar, lakin bunun üçün iki məqama diqqət yetirmək lazımdır.
İlk növbədə, kərə yağı və ya adi bitki yağı əvəzinə az miqdarda “extra virgin” zeytun yağı və ya avokado yağından istifadə etmək tövsiyə olunur.

İkinci vacib məqam isə yumurtanı zəif odda bişirməkdir. Bu, yağın həddindən artıq qızmasının və xolesterinin oksidləşməsinin qarşısını almağa kömək edir.
Omlet hazırlayarkən ona ispanaq və pomidor kimi tərəvəzlər əlavə etmək də mümkündür. Bu məhsullar lif, kalium və antioksidant mənbəyidir.
Yumurta keyfiyyətli zülal, B qrupu vitaminləri, D vitamini, lutein və zeaksantin kimi antioksidantlarla zəngindir. Mütəxəssis maksimum fayda əldə etmək üçün hazırlanma üsuluna diqqət yetirməyin vacib olduğunu vurğulayıb.

