Britaniyalı yazıçı və keçmiş siyasətçi Ceffri Arçer 86 yaşında vəfat edib. Bu barədə BBC “HarperCollins” nəşriyyatına istinadən məlumat yayıb.
Nəşriyyatdan bildirilib ki, Arçer bazar ertəsi evində, yazı sessiyaları arasındakı fasilə zamanı “qəfil və sakit şəkildə” dünyasını dəyişib.
O, 50 illik yazıçılıq karyerası ərzində 300 milyondan çox kitab satıb. Arçerin ən məşhur əsərləri arasında “Cain and Abel” və “The Clifton Chronicles” yer alır.
Ceffri Arçer 15 aprel 1940-cı ildə Londonun şimalında anadan olub. 1969-cu ildə Louth seçki dairəsindən İcmalar Palatasının deputatı seçilib. Beş il sonra parlamentdən ayrılıb və daha sonra Mühafizəkarlar Partiyasının sədr müavini olub.
1992-ci ildə Arçer Lordlar Palatasına daxil olub və 2024-cü ildə istefa verənədək onun üzvü olaraq qalıb.

BBC yazır ki, 2001-ci ildə Arçer yalan ifadə vermək və ədalət mühakiməsinə mane olmaq ittihamları ilə dörd il müddətinə azadlıqdan məhrum edilib. Yazıçı “The Star” qəzetinə qarşı böhtan iddiası üzrə məhkəmə prosesində yalan danışmaqda təqsirli bilinib. O, 2003-cü ildə azadlığa çıxıb.
Arçerin son romanı “Adam and Eve” bu həftə işıq üzü görməli idi. Ölümündən bir gün əvvəl, bazar günü yazıçı Londondakı Leicester Square Theatre-da televiziya aparıcısı Gyles Brandreth ilə birlikdə pərəstişkarları üçün kitab imzalayıb.
Şənbə günü isə onun Cheltenham festivalında iştirak edərək son romanını müzakirə etməsi planlaşdırılırdı.
Ceffri Arçer və həyat yoldaşı Mary bu il evliliklərinin 60-cı ildönümünü qeyd etmişdilər. Cütlüyün iki oğlu və beş nəvəsi var.

