İsveçrənin Bazel şəhərində legionellyoz xəstəliyinin yayılması nəticəsində bir nəfər həyatını itirib, onlarla insan isə xəstəxanaya yerləşdirilib.
SRF telekanalının məlumatına görə, son iki həftə ərzində 25 nəfərə tibbi yardım göstərilib, onlardan 7-si reanimasiya şöbəsinə yerləşdirilib.
Yerli hakimiyyət orqanları yoluxmanın mümkün mənbəyi kimi ofis binasının damında yerləşən su soyutma sistemini nəzərdən keçirirlər.
Legionellyoz, Legionella bakteriyalarının törətdiyi pnevmoniya növüdür. Bu bakteriyalar əsasən isti suda sürətlə çoxalır.
Yoluxma bakteriya ilə çirklənmiş su buxarının və ya aerozolun nəfəsə çəkilməsi zamanı baş verir. Xəstəliyin insandan insana keçmədiyi bildirilir.
Hazırda yoluxmanın dəqiq mənbəyinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

