ABŞ-da salmonella epidemiyası ilə bağlı təhlükə səviyyəsi ən yüksək həddə qaldırılıb. Buna səbəb mümkün çirklənmə ilə əlaqədar böyük həcmdə toyuq yumurtasının geri çağırılmasıdır.
Fox Business-in ABŞ Qida və Dərman Administrasiyasına (FDA) istinadən verdiyi məlumata görə, iyulun sonunda Midwest Poultry Services şirkəti salmonella ilə mümkün yoluxma səbəbindən təxminən 1,6 milyon qutu yumurtanı geri çağırıb.
Epidemiyanın başlanmasından indiyədək 17 ştatda təxminən 98 nəfər xəstələnib, onlardan 26-sının xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.
Ən çox yoluxma halı Texasda qeydə alınıb. Həmçinin Kaliforniya, Nevada, Arizona, Nyu-Meksiko və digər ştatlarda xəstələnənlər müəyyən edilib.
FDA-nın təsnifatına görə, I sinif təhlükə geri çağırılmış qida məhsulunun istifadəsinin ciddi sağlamlıq fəsadlarına və ya ölümə səbəb ola biləcəyi real ehtimalının olduğu vəziyyəti ifadə edir.
Salmonellyoz yüksək hərarət, ishal, ürəkbulanma, qusma və qarın ağrısı ilə özünü göstərə bilər. İnfeksiya xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün daha təhlükəlidir.

