Türkiyəli prodüser Erol Kösenin İstanbulun Sarıyer rayonunun Maslak ərazisində yerləşən Ağaoğlu 1453 yaşayış kompleksində 16-cı mərtəbədən özünü ataraq həyatını itirdiyi bildirilir.

Hadisə ilə bağlı İstanbul Respublika Prokurorluğu tərəfindən dərhal istintaq başladılıb.
“Erol Köse’nin həyatını itirməsi ilə bağlı fakt üzrə prokurorluğumuz tərəfindən araşdırma aparılır. İstintaq və məhkəmə-tibbi ekspertiza nəticəsində ətraflı məlumat veriləcək,” – deyə rəsmi açıqlamada bildirilib.
DHA-nın məlumatına görə, hadisə yerində olan və Kösenin dostu olduğu bildirilən Mevlüt Y. polisə ilkin ifadəsində qeyd edib ki, prodüserin psixoloji problemləri və ürək xəstəliyi olub, son üç ay ərzində isə evdən çıxmayıb.
Polis əməkdaşları Kösenin evində əl yazısı ilə yazılmış qeyd də aşkar ediblər. Qeyddə belə yazıldığı bildirilir:

“ALS (Yan Amiotrofik Skleroz) və ya Lu Qeriq xəstəliyi, beyin və onurğa beynindəki motor neyronların mütərəqqi zədələnməsi ilə əzələlərin gücsüzləşməsinə, iflicə və nəfəs çatışmazlığına səbəb olan, zehni funksiyalara təsir etməyən, müalicəsi olmayan ölümcül nevroloji xəstəlikdir. 50-70 yaş arası insanlarda daha çox rast gəlinir) xəstəliyimə görə məcbur idim, məsuliyyət mənə aiddir. Pişiyimə yaxşı baxın.”
Müğənni Yaşar İpek də hadisə ilə bağlı açıqlamasında bildirib ki, Erol Köse bir həftə əvvəl bütün əsərlərinin hüquqlarını qızına ötürüb.
Onun sözlərinə görə:
“Erol abi özünü belə bir vəziyyətə salacaq insan deyildi. Şokdayam. Bir həftə əvvəl bütün hüquqlarını qızına verib.”
1960-cı ildə anadan olan Erol Köse əslində diş həkimi təhsili alsa da, karyerasını musiqi sahəsində qurub. Erol Köse Production şirkətinin qurucusu kimi Türkiyə pop musiqisində mühüm rol oynayıb və televiziya proqramlarında sərt çıxışları ilə tanınıb.

